Feeds:
Yazılar
Şərhlər

Archive for the ‘Azərbaycan’ Category

İlham Əliyev

2008-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi tamam olur. Müasir Azərbaycan Respublikası 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etmişdir. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may günü hazırda Respublika günü kimi qeyd olunur.

Müsəlman Şərqində ilk parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, müasir dövrə xas dövlət təsisatlarının yaradılmasına nail olmuşdu. Milli parlamentarizmin təşəkkül tarixi isə Azərbaycan parlamentinin 1918-ci il dekabr ayının 7-də keçirilmiş ilk iclasından başlayır.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması mürəkkəb siyasi dövrdə cərəyan edən hadisələrin və Azərbaycan xalqının milli oyanışının məntiqi yekunu idi. Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlər tərəfindən təməli qoyulmuş proseslər Azərbaycanda yeni tipli teatrın, məktəbin və mətbuatın yaranması ilə nəticələnmiş, milli özünüdərkin gerçəkləşməsinə böyük təsir göstərmişdir. Bakının neft paytaxtına çevrilməsi milli sahibkarlar təbəqəsinin formalaşması ilə yanaşı, dünyanın aparıcı universitetlərində təhsil almış ziyalılar nəslinin yetişməsinə şərait yaratmışdır. Əlimərdan bəy Topçubaşov və başqa ziyalıların siyasi proseslərə qatılması, Dumaya seçilməsi və Rusiya müsəlmanlarının təşkilatlanmasında oynadıqları rol tariximizin unudulmaz səhifələrindəndir.

(daha&helliip;)

Advertisements

Read Full Post »

İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə bütün Şərqdə ilk dəfə olaraq demokratik parlamentli müstəqil Azərbaycan dövlətinin yaradılmasını xəbər verirdi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, dinindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarının hüquqlarının təminatçısıdır.

5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

6. Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

Read Full Post »

Azərbaycan Xalq Cümhuriyyəti (1918-ci il may – 1920-ci il aprel)
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ – ŞƏRQDƏ İLK PARLAMENTLİ RESPUBLİKA

ADR

(1918-ci il may – 1920-ci il aprel)
Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Çar Rusiyası da Azərbaycan xalqının dövlətçilik ənənələrini məhv edə bilmədi. Əsarət altına salınmış türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yeridən Rusiya imperiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmişdi. Bu qəddar siyasətin son məqsədi Cənubi Qafqazı Azərbaycanın türk-müsəlman əhalisindən “təmizləmək”, bundan sonra İran və Türkiyəni aradan qaldırıb rahatca isti dənizlərə çıxmaq, bununla da Rusiyanın tarixi arzusuna – Hindistana yetişmək niyyətinə nail olmaq idi. Məhz bu məqsədlə də bir tərəfdən imperiyanın ayrı-ayrı yerlərindən Azərbaycan ərazisinə müxtəlif mənşəli xristian əhali köçürülüb gətirilir, digər tərəfdən də yerli əhalinin xristianlaşdırılması və ruslaşdırılması siyasəti yeridilirdi. Daha dəhşətlisi isə bu idi ki, həmin qanlı siyasəti daha uğurla həyata keçirmək üçün erməni-müsəlman qırğınları törədilirdi. Ölkənin şimal-qərb hüdudlarında isə Azərbaycan və gürcü xalqları arasına nifaq salmaq siyasəti yeridilirdi. Bir sözlə, Azərbaycan Çar Rusiyasının milli-müstəmləkəçilik siyasətinin ən dəhşətli sınaq meydanına çevrilmişdi.

Buna görə də bütün Rusiya imperiyası ərazisində məhz qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan çarizmin qəddar milli-müstəmləkə rejiminə qarşı milli müqavimət hərəkatının əsas mərkəzinə çevrildi. İdarə olunmağa deyil, idarə etməyə vərdiş etmiş Azərbaycan xalqı özünün qabaqcıl ziyalılarının başçılığı altında bütün Rusiyanın türk-müsəlman xalqlarının milli azadlıq hərəkatının önünə keçdi.

(daha&helliip;)

Read Full Post »

M.Ə.Rəsulzadə

Azərbaycan milli istiqlal hərəkatının və  Azərbaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq S.M.Qənizadənın (1846-1942) müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə “Müsəlman gənclik təşkilatını yaratmışdır (“Azərbaycan türk kultur dərgisi”, Ankara No269, 1989-cu il, səh.49). Bu XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Az sonra “Müsəlman demokratik “Müsavat” cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində (1903-cü il No20) çap olunmuşdur. 1904-cü ilin axırlarında “Müsəlman demokratik “Müsavat” cəmiyyəti”nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” təşkilatı” yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. (“Бакински рабочи” qəzeti, No60, 18 mart, 1923-cü il). M.Əzizbəyov, N.Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın “Hümmət” adlı qəzeti də nəşr edilmişdir (1904-1905-ci illər, cəmi 6 nömrə). Qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.

(daha&helliip;)

Read Full Post »

Fətəli Xan İsgəndər Xan oğlu Xoyski (1875-1920) Nazir olduğu tarix (26.12.1918 – 14.03.1919) / (24.12.1919 – 01.04.1920)

Fətəli Xan İsgəndər Xan oğlu Xoyski 1875-ci il dekabrın 7-də Şəki şəhərində anadan olmuşdur. Onun atası rus ordusunun general-leytenantı idi. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. 1803-1806-cı illər Rus-İran müharibələri dövründə rus qoşunlarına qoşulan Cəfərqulu xan imperator I Aleksandr tərəfindən təltif edilmişdir. O, 1807-ci ildə Şəki xanı təyin olunmuş və general-leytenant rütbəsinə layiq görülmüşdür. Cəfərqulu xan 1810-cu ildə vəfat etdikdən sonra Şəki xanlığını onun oğlu İsmayıl idarə edir. 1819-cu ildə İsmayılın vəfatından sonra Şəki xanlığı ləğv edilir və Rusiyanın tərkibinə qatılır. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxmışdır. Bunlardan biri də Fətəli xan Xoyskidir. O, Gəncə klasik gimnaziyasını, 1901-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Fətəli xan əvvəlcə Gəncədə, sonra Suxumi, Batumi və Kutaisi dairə məhkəmələrində müxtəlif vəzifələrdə işləmişdir. Yekaterinador dairə məhkəməsində prokuror müavini təyin edilməsi Xoyskinin ictimai-siyasi fəaliyyətində yeni mərhələ olmuşdur. O, Yelizavetpol (Gəncə) quberniyasından II Dövlət dumasına deputat seçilmişdir. Fevralın 2-də Peterburqun məşhur Tavriya sarayında toplanan Rusiya parlamentinin iclaslarında çıxış edən Fətəli xan çar hökumətinin Zaqafqaziyada və Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tuturdu. O, kadet partiyasına üzv olmasına baxmayaraq, dumanın müsəlman deputat fraksiyasına daxil idi. F. Xoyski Rusiyanın müstəmləkəsindəki xalqlara məhəlli muxtariyyət verilməsini hökumətdən tələb edirdi. O, sonralar müxtəlif illərdə Bakı və Gəncə dairə məhkəmələrində iş kəsmək üzrə andçı – müvəkkil vəzifəsini icra etmişdir.

(daha&helliip;)

Read Full Post »

Azərbaycan Demokratik Respublikası dövründə hadisələrin xronologiyası

Bakı 191827 fevral 1917-ci il
– Rusiyada fevral burjua-demokratik inqilabının baş verməsi

mart 1917-ci il
– Rusiyada Müvəqqəti hökumətin təşkili

mart 1917-ci il
– Zaqafqaziyanın idarəsi üzrə Xüsusi Komitənin (Ozakom) yaradılması

mart 1917-ci il
– Bakıda Müvəqqəti hökumətin idarəçilik orqanı kimi İctimai Təşkilatların İcraiyyə Komitəsinin yaranması

mart 1917-ci il
– Bakıda Fəhlə və Əsgər Deputatları Sovetinin yaradılması

15-20 aprel 1917-ci il
– Qafqaz Müsəlmanlannın Bakı qurultayı

1-11 may 1917-ci il
– Ümumrusiya müsəlmanlarının Moskva qurultayı

25 oktyabr 1917-ci il
– Petroqradda bolşeviklərin hakimiyyətı zəbt etməsi

(daha&helliip;)

Read Full Post »

RəsulzadəMöhtərəm mə”buslar (deputatlar , millət vəkilləri!) !

Azərbaycan Cümhuriyyətinin ilk məclisi – məbusanını açmaq yum səadəti, siz möhtərəm mə”busları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (fəxr edirəm),əfəndilər . Rusiyada zühur edən inqilabi – kəbir digər həqiqətlər arasında bir həqiqəti – bahirəni dəxi elan etmişdi.Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi.Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxatriyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl tə”sisedəcəkdi.O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati -siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi.Millətlər kendi (öz) müqəddəratlarının tə”yinini pək cəmimani bir surətdə Rusiya məclisi – müəssisanından gizlədilər.Fəqət Rusiyada inqilab və demokratizm namına zühur edən mə”kus (mürtəce) bir istibdad nə gibi (kimi) xarabalıqlar yaratdığını bilirsiniz.İnqilab namına hökmfərma olan anarşi və millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq etdi.Zaqafqaziyadan Rusiya məclisi – müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya “seymini” təşkil və onu istiqlalını emməkdə gördülər.

Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin şurayi-milli təşkilinə sövq,bu şurayi – milli Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı.Azərbaycan İstiqlalı elan olundu (alqışlar)
Bu gün əqəliyyət (azlıq) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri də”vət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir.Bu, məclis seçki üsulu ilə toplanacaq Azərbaycan məclisi-müəssisanı toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil edə bilər.

(daha&helliip;)

Read Full Post »

Older Posts »